Bu gün dünyada tüğyan edən koronavirus pandemiyası bütün sahələrə mənfi təsirini göstərməkdədir. Hazırda pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.
Amma yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verməklə pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi göstərməkdədir. Bəs, görəsən, pandemiya dövründə hökümət tərəfindən kənd təsərrüfatı istehsalçılarına hansı dəstək verilir? Hazırkı şəraitdə fermerlərin hansı çətinlikləri var?
Bu barədə hafta.az-ın suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi elan olunmasının kənd təsərrüfatına indiki dövr üçün mənfi təsiri yoxdur:
"Yazlıq əkin üçün kənd təsərrüfatının aktiv fazası yeni başlayıb. Payızlıq əkinlər oktyabr ayından aparılıb. Yazlıq əkinlər üçün lazım olan gübrə, toxum və şitil təminatı ilin əvvəlindən formalaşdırılıb. Hələ karantin elan olunmamış dövrdən əvvəl, istər, nazirlik, istər də təchizatçılar tərəfindən yazlıq əkinlərə hazırlıq prosesi aparılıb”.
Nazirlik rəsmisi vurğulayıb ki, karantin dövründə Nazirlər Kabineti kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimat qəbul edib:
“Sənədə əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Yəni, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün sərbəst hərəkət edə bilirlər. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Fermerlərin rayonlararası hərəkəti isə Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən arayış ilə tənzimlənir. Mexanizatorlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, tədarükçü, təchizatçılar DAİM-dən aldıqları arayış əsasında rayonlararası hərəkət edə bilərlər. Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış almalıdır. Digər tərəfdən, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Həmin sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb. Təbii ki, bu addım kənd təsərrüfatı sahəsində mikrokreditlərin stimullaşdırılmasına yönəlib. Yeni qaydalara aqrar sahə ilə məşğul olmaq üçün istənilən mikrokreditlərin maksimal həddini 15000 manatadək artırmaq, müddətini 3 ilədək uzatmaq imkanı verir. Əvvəlki qaydalarla bu rəqəmlər 5000 manat və 2 il idi. Ən əsas məqam bu kreditlərin banklar tərəfindən girovsuz verilməsidir. Çünki əvvəl banklar kredit götürmək istəyən fermerlərdən girov kimi paytaxtda mənzil tələb edirdilər. Bakıda hər bir fermerin evi olmadığından, kənd təsərrüfatı üzrə kreditlər illik 7 faizlə verilsə də, tam olaraq əlçatan deyildi. Amma ölkə başçısının sonuncu sərəncamından sonra fermer müvəkkil banklara müraciət etməklə 15 min manatadək 3 il müddətinə girovsuz kredit əldə edə bilər. Artıq banklar kənd təsərrüfatı istehsalçılarına mikrokreditlərin verilməsinə maraq göstərirlər. Gələn həftə bununla bağlı daha detallı məlumatları ictimaiyyətə açıqlayacağıq” .
V.Hüseynov onu da əlavə edib ki, nazirlik, fermerlərlə mütəmadi olaraq əlaqə saxlayır: "Biz fermerlərin mütəmadi olaraq yanındayıq. Mən bu gün Qobustanda və Şamaxıda taxıl sahələrində olmuşam, hazırda isə sizinlə Qəbələ rayonundan danışıram. Fermerlərlə söhbətlər aparırıq və müşahidələrimiz onu göstərir ki, sahələrdə məhsuldarlıq yüksəkdir, bu il bol məhsul gözlənilir. Lakin yenə də kənd təsərrüfatı fəaliyyəti ilə bağlı hər hansı problem yaşanarsa, fermerlər bununla bağlı aqrar inkişaf mərkəzlərinə, nazirliyin 1652 çağrı mərkəzinə müraciət etsinlər. Bu müraciətləri operativ şəkildə cavablandırırıq, problem varsa, həll etməyə çalışırıq. Nazirlik, işlərini karantin rejiminin tələblərinə uyğun olaraq müvafiq orqanlarla koordinasiya edilimiş şəkildə həyata keçirir. Bir məqamı da diqqətinizə çatdırım ki, karantin dövründə çağrı mərkəzlərimizə daxil olan müraciətlər əsasən, məlumat xarakterli olur. Yəni, fermerlər hansısa məsələni dəqiqləşdirmək və ya məsləhət almaq məqsədilə zəng vururlar”.
Mövzü ilə bağlı fikirlərini açıqlayan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn də hesab edir ki, cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsə də, kənd təsərrüfatı sahəsində artımın olacağı proqnozlaşdırılır: “Bildiyiniz ki, bu ilin birinci rübündə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb. Xüsusən də, bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb”.
Onun sözlərinə görə, pandemiya şəraitində və ya hər hansı fövqəladə hal zamanı əhalinin taxıl məhsulları ilə təminatında problemin yaranmaması üçün Dövlət Taxıl Fondunun yaradılması da vaxtında verilmiş doğru qərardır: “Dövlət Taxıl Fondunda buğda ehtiyatı var. Digər tərəfdən Azərbaycan ərzaqlıq buğdanın bir hissəsini əsasən Rusiya və Qazaxıstandan idxal edir və hazırda bununla bağlı işlər gedir. Kartofla bağlı da ölkəmizin mövcud ehtiyatları tələbatın ödənilməsi üçün tam kifayət edir. Ölkəmizdə faraş kartofda bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət qaydasındadır. DSK-nın məlumatlarına əsasən ölkəmizin faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir. Həmçinin 2020-ci ilin yanvar-fevral aylarında ölkəmizə 7,86 min ton düyü idxal olunub. Hazırda düyü ehtiyatların həcmi təqribən 5 aylıq tələbatın ödənilməsinə kifayət edir. Ət və süd məhsulları ilə isə tələbatın ödənilməsi əsasən yerli istehsal hesabına təmin olunur. Əhalinin digər ərzaq məhsulları ilə təminatı istiqamətində də iş aparılır. Tədbirlər planı çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq. Eyni zamanda bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad ediləcək”.
R.Hüseyn vurğulayıb ki, koronavirus böhranının kənd təsərrüfatına mənfi təsirinin minimallaşdırılması üçün də müvafiq iş aparılır: “Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat” təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni kənd təsərrüfatında məhsul istehsalının davamlılığını təmin etmək üçün iş görülür. Həmçinin Prezidentin Sərəncamına əsasən aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manatın ayrılması da mühüm əhəmiyyətə malikdir. Bu vəsait koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanmasına xidmət edəcək. Xüsusən su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqmətində komissiyanın yaradılması və onun qarşısına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məsələsinin qoyulması kənd təsərrüfatının inkişafına töhfə verəcək. Yekun olaraq deyə bilərik ki, dövlətin iqtisadi siyasətinin əsas prioriteti kimi kənd təsərrüfatı və emal sənayesinin inkişafının seçilməsi isə yerli istehsalın artmasına və ərzaq məhsulları ilə özünütəmin etmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək”.